Dünya həyatı müvəqqətidir

Dünya həyatının müvəqqəti qalınan bir yer olduğunu Allah Quran ayələrində bizə bildirir və əsil həyatın axirət yurdu olduğunu xəbər verir. Dünyada müxtəlif hadisələrlə sınanan və bir gün ölümlə qarşılaşan insan üçün axirət həyatı başlayır. İman edənlər öləcəkləri zaman, qətiyyən canları yanmayacaq, Allahın Quranda bizə bildirdiyi kimi, canları asanlıqla alınacaq. Ölümlə birlikdə başlayan axirət həyatı, sonu olmayan bir həyatdır. İnsanın sonsuz həyatı olan axirət həyatında ruhu yox olmayacaq. Allah bizim üçün bir çox neməti yaradandır. Dünya həyatını da, bizə verdikləri qarşılığında bizim nələr etdiyimizi görmək üçün yaratmışdır. Allah hərəkətlərimizin yaxşı və ya pis olmasına görə axirətdə də bir mükafat olaraq cənnəti və ya bir cəza olaraq cəhənnəmi yaradacaq.
Allah axirətdə hüzuruna gələcək olanların necə qarşılıq görəcəyini Quranda belə bildirir:

Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər (o qədər) cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)

Allah insanlara qarşı mərhəmət sahibidir. Mükafat verərkən qat-qat, səxavətlə verər. Halbuki cəzaya layiq olanlar sadəcə etdikləri pis əməllərin tam qarşılığını alacaqlar. Allah heç kəsə haqsızlıq etməz. İnsanlar arasında ədalətsiz davranışlar ola bilər. Günahkar biri dünyada insanları aldatmış və onları yanıltmış ola bilər. Amma günahının qarşılığını Allah axirətdə mütləq verəcək. Ədalət, mütləq Allah Qatında öz yerini tapar. Çünki Allah hər şeyi görür, bilir və qarşılığını ona görə verir.
Axirətdəki həyatımız, belə ki, cənnət və cəhənnəm, insanların ölümlərindən sonrakı həyatlarını keçirəcəkləri iki fərqli yerdir. Bu yerlərlə əlaqədar həqiqətləri biz yenə ən doğru şəkildə Qurandan öyrənə bilərik.
Qurandan öyrəndiklərimiz əsasında cənnəti tanıtmaq üçün belə bir nümunə verək. Çox gözəl mənzərəli yerlərə getmiş və ya filmlərdə heyranlıq oyandıran məkanlar görmüsünüz. Qətiyyən ayrılmaq istəmədiyiniz yerlər və ya bitməsini qətiyyən istəmədiyiniz yeməklər olmuşdur. Cənnət bütün bu gördüklərinizdən daha gözəl, hətta onlarla müqayisə edilə bilməyəcək qədər gözəl bir yerdir. Cənnətdəki yeməklər dünyadakı heç bir yeməklə müqayisə edilə bilməyəcək qədər ləzzətli və gözəl görünüşlüdür.
Dünyadakı bütün gözəllikləri yaradan Allah ayələrində, səmimi iman edən müsəlmanlar üçün axirətdə çox daha gözəlini hazırladığını söyləyir.

 

Dünyadakı çətinliklər cənnətdəki gözəllikləri daha yaxşı qavramağımızı təmin edər
Dünyada bir çox çətinlik yaşayarıq. Xəstə olarıq, hərarətimiz yüksələr, bəzən bir yerimiz qırılar, çox üşüyərik və ya istidən təngə gələrik. Hər gün başımıza daha çox sıxıntı verən hadisələr gələ bilər. Mədəmiz narahat olar, yaşlandıqca dərimiz korlanar, qırışar. Ananızla atanızın gənclik şəkillərinə baxın və bu andakı üzlərini düşünün, aradakı fərqi daha yaxşı anlayacaqsınız.
Allah xüsusi olaraq dünya həyatında bu cür çatışmazlıqlar yaratmışdır. Bunların heç biri cənnətdə yoxdur. Dünyadakı çatışmazlıqlar düşünüldüyü vaxt, cənnətin nə qədər böyük mükafat olduğu daha yaxşı aydın olur. Əgər insan öləndən sonra cənnətə gedərsə bütün bu çətinliklərdən xilas olar. Dünyada xoşlamadığınız şeyləri təkrar düşünün. Sizi narahat edən bu şeylərdən təkcə biri belə cənnətdə olmayacaq.
Cənnət insanın ən çox zövq alacağı, ən çox xoşlayacağı nemətlərlə hazırlanmışdır. Dünyadakı hər bir insanın yeyib-içdiyi gözəl şeylərdən olduqca yaxşısı və gözəli, ən mükəmməli orada hazır vəziyyətdədir. Cənnətdə insan bir daha heç üşüməz, xəstə olmaz, kədərlənməz, qorxmaz, yaşlanmaz. Ətrafında heç bir pis insan olmaz. Çünki pis insanlar artıq cəhənnəmdə, öz pisliklərinə layiq bir yerdədirlər. Cənnətdə isə hər kəs bir-biriylə gözəl sözlərlə danışar. Söyüş işlətməz, əsəbiləşib qışqırmaz, bir-birinin qəlbini sındırmaz. İlk insan olan Adəm peyğəmbərdən bu günə qədər yaşamış olan, Allahın, əxlaqını bəyəndiyi və cənnətə layiq gördüyü nə qədər yaxşı insan varsa artıq hamısı orada bir-birlərinin dostudurlar.
Allah Quranda, cənnətdə çox gözəl və böyük köşklər olduğunu, insanların bu yerlərdə böyük sevinc və xoşbəxtlik içində yaşadığını, insanların bütün istədiklərinin gerçəkləşdiyini xəbər verir. Əslində bütün bu danışdıqlarımız və sizin bunları oxuyarkən düşündükləriniz cənnətdəki gözəllikləri anlatmağa heç kifayət etmir. Bunlar insanın bir qədər düşündüyü vaxt, ağlına gələn bir neçə gözəllikdir, halbuki cənnətdəki bənzərsiz gözəlliklər heç bitməz.
Allah bir ayəsində, insanın istəyəcəyi hər şeyin və daha çoxunun da ona cənnətdə veriləcəyini bildirmişdir. Ürəyinizin istədiyi bir şey düşünün və ya getmək istədiyiniz bir yeri. Cənnətdə bütün bu istədikləriniz Allahın icazəsi ilə bir anda olacaq. Allah bir ayədə cənnətdən belə bəhs edir:

...Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 31)

Quranda cənnətdəki sonsuz gözəlliklərdən bəhs edən ayələrdən bir neçəsi belədir:

Təqva sahiblərinə vəd olunan Cənnətin xüsusiyyəti belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir... (Məhəmməd surəsi, 15)

İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki yüksək köşklərinə yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ənkəbut surəsi, 58)

Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır. (Fatir surəsi, 33)

Həqiqətən də Cənnət əhli bu gün nemətlər içində sevinc və xoşbəxtlik dolu məşğuliyyət içindədirlər. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənmişdirlər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. (Yasin surəsi, 55-57)

Dolu budaqları bükülmüş gilas ağacları, üst-üstə düzülmüş meyvələri sallanan banan ağacları, uzanmış kölgəliklər, daimi axan sular və daha bir çox meyvələr içində olacaqlar, özü də tükənməz və qadağan edilməyən meyvələr. Eləcə də, hündür yerlərə sərilmiş döşəklər üstündə olacaqlar. (Vaqiə surəsi, 28-34)

Allah cənnətə girməyə layiq olan insanların sonsuza qədər orada qalacaqlarını da ayələrində bildirir. Bir ayədə belə buyurulur:

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik (Əraf surəsi, 42)

Cənnətdəki ən böyük nemət isə, əlbəttə ki, Rəbbimizin sevgisini qazanmış olmaqdır. Bunu bilmək və hiss etmək, insanın yaşaya biləcəyi ən böyük sevinc və rahatlıqdır.