İnsanın ən böyük düşməni: Şeytan

Yəqin ki, şeytanla əlaqədar bəzi şeylər bilirsiniz. Ancaq sizi çox yaxşı tanıdığını və sizi hər hansı yolla mütləq aldatmağa çalışdığını bilirsinizmi? Bəs bəzi hallarda özünü dostunuz kimi göstərərək, sizi aldatmağa çalışan şeytanın əsl məqsədini bilirsiniz mi? Gəlin ən başından başlayaq və şeytanın niyə bizim ən böyük düşmənimiz olduğunu xatırlayaq. Bunun üçün sizə hz. Adəm və şeytan arasında yaşanan və Quranda bildirilən bir hadisədən danışaq.
Qurana görə şeytan; hz. Adəmdən etibarən bütün insanları Allah yolundan azdırmaq üçün çalışan və qiyamətə qədər də bunun üçün çalışacaq varlıqların ümumi adıdır. Şeytanların ən böyüyü isə, hz. Adəmin yaradılmasıyla birlikdə Allaha üsyan edən İblisdir.
Qurandan öyrəndiyimizə görə Allah hz. Adəmi yaratmış və mələklərdən hörmət ifadəsi olaraq ona səcdə etmələrini istəmişdi. Mələklər Allahın əmrini yerinə yetirdiyi halda, İblis hz. Adəmə səcdə etmədi. Özünün insandan daha üstün varlıq olduğunu irəli sürdü. İtaətsiz və utanmaz olduğuna görə Allahın hüzurundan qovuldu.
Allahın hüzurundan ayrılmadan əvvəl, bu vəziyyətə düşməsinə səbəb olan insanları özü kimi azdırmaq üçün Allahdan möhlət istədi. Şeytanın məqsədi özünə verilən möhlət ərzində insanları Allah yolundan azdırmaqdı. Bunun üçün hər yolu sınayacaq və insanların əksəriyyətini özünə uymasını təmin edəcəkdi. Allah şeytanı və ona uyanları cəhənnəmə dolduracağını bildirdi. Burada danışdığımız hadisələr Quranda belə xəbər verilir:

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan.
İblis dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”. 
Allah dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən.
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. 
Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. 
Allah buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam. (Əraf surəsi, 11-18)

Şeytan Allahın hüzurundan qovulduqdan sonra, qiyamətə qədər davam edəcək mübarizəsinə başladı. İnsanları aldadaraq yoldan çıxartmaq üçün onların yanlarına gəldi. Hiyləgərcəsinə tələlər qurdu, insanları heç ağıllarına gəlməyəcək üsullarla aldatdı. İndi daha yaxşı anladığınız kimi, şeytan insana çox hiyləgərcəsinə yaxınlaşan bir düşməndir. Bundan ötrü də, ondan qorunmaq üçün çox böyük diqqət göstərməlisiniz.
Unutmayın ki, şeytan hazırda da sizi aldatmaq üçün gözləyir. Bu kitabı oxumağınıza, oxuduqlarınızı düşünməyinizə mane olmağa çalışır. Sizi, bir dostunuza yaxşılıq etməkdən, böyüklərinizin sözünə qulaq asmaqdan, Allaha şükr etməkdən və dua etməkdən, daim doğruları söyləməkdən uzaqlaşdırmağa çalışır. Qətiyyən şeytanın sizi aldatmasına, yalanları ilə gözəl əxlaqlı insan olmağınıza, vicdanınızın səsini dinləyərək hərəkət etməyinizə mane olmasına icazə verməyin.
Ağlınıza pis bir düşüncə gəldiyi vaxt və ya canınız gözəl bir şey etmək istəmədikdə dərhal şeytandan Allaha sığının və Allahdan kömək istəyin. Allahın Quranda bildirdiyi kimi şeytanın iman edən insanlar üzərində heç bir təsirinin olmayacağını da əsla unutmayın.