Allah bizdən necə bir əxlaq istəyir?

İnsanlar üçün öyüd olan Quran, Allahın sözüdür. Quranın ayələrini oxuyaraq və tətbiq edərək Allahın bəyənəcəyi əxlaqa sahib ola bilərsiniz. Bu çox asandır. Ancaq buna baxmayaraq, insanların böyük hissəsi səhvlik etmiş və Allahın əmr etdiyi gözəl əxlaqdan uzaqlaşdırmışlar. Əgər nə vaxtsa ətrafımızdakı bütün insanlar öz üzərlərinə düşəni edər və Allahın istədiyi əxlaqa sahib olarsa, dünyada da cənnətdəkinə bənzər bir mühit yarana bilər. İndi isə, qısa şəkildə bu gözəl əxlaq xüsusiyyətlərindən bəhs edək.
Hamımız bilirik ki, insanı Allah yaratmışdır. Dolayısilə insanın yaxşı və pis xüsusiyyətlərini də ən yaxşı Allah bilir. Eləcə də insan digər insanları aldada bilər, amma Allahdan hər hansı bir şey gizlətməsi qeyri-mümkündür. Çünki Allah bizim kimi, yalnız insanların görünən xüsusiyyətlərini deyil, onların düşüncələrini də bilir. Deməli, insan Allaha qarşı daim dürüst və səmimi olmalıdır. Quranda belə bildirilir:

De: “Kökslərinizdə (içinizdə-qəlblərinizdə) olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir. (Ali İmran surəsi, 29)

Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 284)

Allahın, dediyi bütün sözləri eşitdiyindən, etdiyi bütün şeyləri gördüyündən, bütün düşüncələrini bildiyindən xəbərdar olan insan, gizlində də olsa pislik edə bilməz. Deməli, insanların həqiqətən yaxşı insan olmaları üçün, mütləq Allahın varlığına inanmalı və Onun gücünü, hər an hər şeyi gördüyünü və eşitdiyini anlamalıdırlar. Bu, Allahın istədiyi əxlaqı yaşaya bilməyin ən əhəmiyyətli yollarından biridir.

Allahı sevmək və Ona güvənmək
Ata-ananızın sizi sevməsi xoşunuza gəlir, elə deyilmi? Siz də onları çox sevirsiniz. Onlar sizi qoruyur, sevgi göstərir, ehtiyaclarınızı təmin edir. Onlara güvənirsiniz. Çətin vəziyyətdə qalsanız sizin köməyinizə çatacaqlarını bilirsiniz.
Bəs Allahı nə qədər sevir və Ona nə qədər güvənirsiniz?
Allah, yaratdığı bütün canlıların hər bir ehtiyacını verəndir. Onun sonsuz şəfqəti və mərhəməti sayəsində dünyada nemətlər içində və rahat yaşayırıq.
Məsələn, bizim yaşaya bilməyimiz üçün, Allah Günəşi yaratmışdır. Qidalanmağımız üçün tərəvəzləri, meyvələri, heyvanları yaradan da Allahdır. Bu sayədə çörək, süd, ət və bir-birindən ləzzətli tərəvəzləri və meyvələri yeyərik.
Allah içməyə suyumuz olması üçün də yağışı yaratmışdır. Həmçinin duzlu su olaraq dənizləri yaradan da Allahdır. Dənizlərdəki canlılar da bu sayədə yaşayarlar. Yağışlar olmasaydı yer üzündə nə şirin, nə də duzlu su olardı. Su, həyatımız üçün çox əhəmiyyətlidir. Çünki bildiyiniz kimi, insan ancaq bir neçə gün susuz yaşaya bilər. Allah bədənimizdə də mikroblarla döyüşən müdafiə sistemi yaratmışdır. Müdafiə sistemimiz sayəsində bəsit bir qrip mikrobuna görə ölməyimizin qarşısı alınmışdır.
Bunlardan başqa ürəyimizi heç dayanmadan işləyəcək şəkildə yaradan da Allahdır. Ürəyimiz avtomobil mühərrikləri kimi, hərdənbir dayanmağa ehtiyac duyub, sonra da yenindən işləsəydi, əlbəttə ki, yaşaya bilməzdik. Halbuki ürək insan ölənə qədər illərlə heç dayanmadan işləyir və bu sayədə həyatımızı davam etdiririk.
Elcə də, Allah görməyimiz üçün gözlərimizi, eşitməyimiz üçün qulaqlarımızı, gözəl qoxuları qoxulamağımız üçün burnumuzu və yeməklərin ləzzətini dadmağımız dilimizi yaratmışdır.
Buraya qədər saydıqlarımız Allahın bizə verdiyi saysız nemətlərdən yalnız bir neçəsidir. Allahın bizə verdiyi nemətləri saymaqla qurtara bilmərik. Bizə qarşı çox şəfqətli və çox mərhəmətli olan Allah bir Quran ayəsində bizə belə səslənir:

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Ayədən də başa düşdüyünüz kimi, bu nemətlərə nankorluq etmək, yəni hər şeyi bizə Allahın verdiyini unutmaq, Ona təşəkkür etməmək çox çirkin bir davranış olar. Allah nankorluq edənləri sevməz.
Verdiyi nemətlərə qarşılıq olaraq Allah bizdən ən çox Özünü sevməyimizi və Özünə şükür etməyimizi, yəni təşəkkür etməyimizi istəyir. Rəbbimiz bu əmrini Quran ayələrində belə bildirir:

Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (Nəhl surəsi, 78)

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)

Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. (Muminun surəsi, 78)

Digər bir ayədə isə iman edənlərin ən çox Allahı sevdikləri belə bildirilir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Həqiqət budur ki, sizə də, ananıza da, atanıza da, bütün insanlara və canlılara da baxan, qidalandıran, böyüdən, qoruyan Allahdır. Hamımız Ona möhtacıq. Saydıqlarımızdan bu qədərini belə, nə ata-anamız, nə də biz edə bilərik. Elə isə əvvəlcə Allaha güvənib Onu sevməliyik.
Məhz gözəl əxlaq xüsusiyyətlərinin başında, əvvəlcə Allahı sevmək, Ona güvənmək, hər şeyimizi Ona borclu olduğumuzu bilmək gəlir.

Ətrafımıza qarşı göstərməli olduğumuz gözəl əxlaq
Allah insanlara lağ edən, ərköyün, özünü bəyənmiş, yalançı olmalarını qadağan etmişdir. Dürüst, həlim xasiyyətli, təvazökar, doğru sözlü olmaq Allahın xoşladığı çox əhəmiyyətli xüsusiyyətlərdir.
İnsana əsasən ətrafındakılar təsir edər. Əgər pis yoldaşları varsa, həmin insan da onların pis davranışlarının təsiri altında qala bilər. Halbuki Allaha inanan, Allahın daim özünü gördüyünü bilən bir insan, mühitdən asılı olmayaraq, daim doğru hərəkətlər edər. Yanlış hərəkət edənlərə də gözəl nümunə olar.
Allah səbirli insanları da çox sevər. Ancaq səbir deyildikdə, ağlınıza yalnız bəzi şeylər üçün səbir etmək və ya səbirsiz danışmaq gəlməsin. Çünki Quranda bildirilən səbir, yalnız çətinliklər qarşısında deyil, əksinə insanın həyatının hər anında göstərməli olduğu səbirdir. İman etmiş bir insanın səbri insanlara və ya həmin hadisələrə görə dəyişməz. Məsələn, Allah qorxusu zəif olan bir insan, mənfəət əldə edəcəyi bir insan gözəl davrandığı halda, mənfəət əldə etməyəcəyi insanlara qarşı tərs rəftarlar göstərə bilər. Ancaq iman edən insan belə pis bir əxlaq göstərməkdən şiddətlə çəkinər. Başqalarının özünə necə davranmasından asılı olmayaraq, daim onlara gözəl davranar. Qəzəblənsə belə qəzəbini boğar və bu halını heç dəyişdirməz, yəni səbir edər.
Allah bir ayəsində səbirdə yarışmağı əmr edir. Ali İmran surəsindəki bu ayə belədir:

Ey iman gətirənlər! Səbir edin və səbirdə yarışın, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Ali İmran surəsi, 200)

Allah bizə Quranda peyğəmbərlərin səbirli olmalarını gözəl bir nümunə olaraq vermişdir. Məsələn, əgər xatırlayırsınızsa Əyyub peyğəmbərə üz verən sıxıntı çox uzun müddət davam etmişdir. Lakin bu qiymətli insan səbir edərək Allaha dua etmişdir və Allah ona şəfa tapması üçün yol göstərmişdir.
Nuh peyğəmbər də gəmini inşa edərkən özünə istehza edənlərin bu hərəkəti qarşısında səbir edərək, onlara gözəl şəkildə davranmış, daim sakit və gözəl sözlərlə öyüd vermişdir. Bunlar peyğəmbərlərin yaşadıqları gözəl səbir nümunələridir. Allah səbirli qullarını sevdiyini bir çox ayəsində bildirmişdir.
Allah göstəriş edən təkəbbürlü insanları isə sevmədiyini bildirmişdir. İnsanların hamısının maddi vəziyyəti eyni deyil. Bəzilərinin gözəl bir evi və avtomobili var. Bəzilərinin isə heç bir şeyi olmaya bilər. Amma əhəmiyyətli olan gözəl əxlaqlı olmaqdır. Məsələn, bir insanın yaxşı geyimləri olduğuna görə yoldaşlarından üstün olduğunu zənn edərək, onlara xor baxması Allahın xoşlamadığı davranışlardandır. Çünki Allah insanları xarici görünüşlərinə görə deyil, imanlarına görə qiymətləndirməyi əmr etmişdir.
Allah üçün üstünlük meyarı; zənginlik, ehtişamlılıq, böyük güc sahibi olmaq, gözəllik və yaraşıqlılıq deyil. Allah insanları Özünü nə qədər sevdiyinə, nə qədər itaət etdiyinə, Quran əxlaqını nə qədər yaşadığına görə qiymətləndirər. Üstünlük bu meyarlarla bəlli olar. Quranda bununla bağlı olaraq, Qarun adlı bir insanın vəziyyəti bizə ibrət olması üçün bildirilmişdir.
Qarun çox zəngin bir insan idi. O qədər zəngindi ki, sahib olduğu şeylərin təkcə açarlarını daşımaq üçün belə, bir çox insan lazım idi. Ətrafındakı cahil insanlar ona qibtəylə baxır, onun yerində olmağı arzulayırdılar. Ancaq Qarun Allahın sözünü dinləməyən, çox təkəbbürlü və özünü bəyənmiş bir insan idi. Bütün bu zənginliyi ona Allahın verdiyini qəbul etmirdi. Bundan ötrü də, Allah ona elə bir müsibət verdi ki, bir gecədə malıyla birlikdə yox oldu. Onun yerində olmaq istəyənlər ertəsi gün; "yaxşı ki, onun vəziyyətinə düşmədik" deyə sevindilər. Allahın onu cəzalandırdığını başa düşdülər. Qarundan bu cür pis insanlara bir nümunə olaraq Quranda belə bəhs edilir:

Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. (Qəsas surəsi, 76)

Qarun öz ehtişamlı zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”. 
Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl (Allahın razı olacağı) işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.
Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. 
Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!” (Qəsəs surəsi, 79-82)

Quranda, Allahın sevmədiyi bildirilən davranışlardan biri də "dedi-qodu etmək", "başqalarının qeybətini qırmaqdır". Biri haqqında dedi-qodu etmək, onun qüsurlarını başqasına deyərək qeybətini qırmaq və ona lağ etmək, Allaha inanan bir insanın etməməli olduğu davranışlardandır. Allah bir insanın qeybətini qırıb, haqqında dedi-qodu etməyi Quranda qadağan etmişdir. Bu mövzu ayədə belə bildirilir:

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizin gizli şeylərini araşdırmayın, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)

Göründüyü kimi Allah ayədə, bir insanın qeybətini qırmağın, ölü qardaşının ətini yemək qədər iyrənc bir şey olduğunu ifadə edir.
Allah gözəl əxlaq xüsusiyyətlərini, gündəlik həyatımızda tətbiq etməyimizi əmr edir. Əslində həyatımız, Allahın bizə göstərdiyi doğru yolla getmək üçün bizə verilmiş fürsətdir. İndiki vaxtda insanların çoxu bu həqiqətdən xəbərsizdir. Allahın əmr və öyüdlərinə uyğun hərəkət etmək əvəzinə, özlərinə başqa rəhbərlər axtararlar. Seyr etdikləri filmlərin, dinlədikləri mahnıların təsiri altında qalaraq yanlış əxlaq anlayışına yiyələnərlər. Məsələn, bir filmdəki mərhəmətsiz və özünü bəyənmiş bir qəhrəmanı izləyən gənclərin, küçəyə çıxdıqları vaxt, bu insana qibtə edərək bənzər davranışlar nümayiş etdirdiklərini, yəqin ki, bilirsiniz. Əslində belə etməklə böyük səhvliyə yol verərlər.
Ağıllı və səmimi insanlar, daim Allahın razı qalacağı şəkildə davranarlar. Bəsit insanlara, bəsit davranışlara qibtə etməzlər. Qibtə etməli və nümunə götürməli olduğumuz insanlar, Allahın elçiləri olan peyğəmbərlərdir. Göstərməli olduğumuz əxlaq isə, Allahın bizim üçün seçib bəyəndiyi gözəl əxlaqdır. Bu əxlaq, mərhəmətli, şəfqətli, bağışlayıcı, təvazökar (alçaq könüllü), səbirli, itaətkar olmağı tələb edir. İnsanlarla sadə mövzular ucbatından mübahisə və dava etmək yerinə, altdan almağı, sakitləşdirici və tolerant olmağı tələb edir. Ana və atamıza qarşı asi və sayğısız olmaq əvəzinə, onlara qarşı daima itaətkar və tərbiyəli olmağı tələb edir. Allah ana və ataya olan hörmətin əhəmiyyətini Quranda bizə belə bildirir:


Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni kiçik yaşlarımdan tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” de. (İsra surəsi, 23-24)

Ata-anamıza asi olmamaq, onlara "uf" belə deməmək, onlara qarşı daim mərhəmətli və yumşaq xasiyyətli olmaq, Allahın bizdən istədiyi əhəmiyyətli bir xüsusiyyətdir. Belə davranmaq, həm bizə Allahın sevgisini qazandıracaq, həm də gündəlik həyatımızda olduqca xoşbəxt və rahat olmağımızı təmin edəcək.
Bütün bu gözəl əxlaq xüsusiyyətləri, dinin yaşanması ilə mümkün olar. Dinsiz insanların gözəl əxlaq göstərmələri və bunda qətiyyətli olmaları, yəni səbirli davranmaları isə qeyri-mümkündür. Siz bu insanların vəziyyətinə düşməkdən şiddətlə çəkinin. Allahın Quranda bildirdiyi; Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cəhd edənləri (səy göstərənləri) və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 142) ayəsini bir an belə unutmayın. Səbirli, təvazökar, comərd, fədakar, bir sözlə, gözəl əxlaqlı olduğunuz təqdirdə, Allahın sizi daha çox sevəcəyini və sizə verdiyi nemətlərini artıracağını da əsla unutmayın.