Allaha ibadət

Hər şeyin Yaradıcısı olan Allah sonsuz qüdrət sahibidir. Rəbbimiz bizi də yaratmış və Quranda Özünün istədiyi şəkildə davranmağımızı, Ona qarşı itaətkar olmağımızı əmr etmişdir. Allahın bizə Quranla bildirdiyi və etməyimizi istədiyi hər şey bizim üçün ibadətdir. Namaz qılmaq, oruc tutmaq, Allaha şükür etmək, səbirli olmaq, dua etmək, gözəl davranışlar sərgiləmək bu ibadətlərdən bir neçəsidir.
Amma insanların bir çoxu bu məsuliyyətlərindən xəbərdar olduğu halda, həqiqəti qəbul etmək istəməzlər. Çünki Allaha qarşı itaətkar olub, yəni Onun sözlərini dinləyib, istədiyi şəkildə davranmaq bu insanların qüruruna ağır gələr. Özlərini böyük və güclü gördükləri üçün Allahın sözünü dinləmək istəməzlər. Özlərini Allahın yaratdığını qəbul etməyərək Ona asi olarlar. Sanki hər şeyi özləri nəzarət altında saxlayırmış kimi, təkəbbürlülük və qürurluluq nümayiş etdirərlər. Əgər xatırlayırsınızsa kitabın əvvəlki hissələrindən birində bir cizgi film qəhrəmanı nümunəsini vermişdik. Məhz bu insanlar da eynilə onun vəziyyətinə düşürlər. Bədənlərini, gözlərini, qəlblərini, qulaqlarını, sağlamlıqlarını, bir sözlə, dünyadakı hər şeyi özlərinə verən Allah olduğu halda, Ona nankorluq edər, nemətlərinə şükür etməzlər.
Amma bunu bilin ki, bu insanlar çox peşman olacaqlar. Nankorluq etdikləri, çirkin əxlaqa sahib olduqları üçün, həm dünyada sıxıntı içində yaşayacaq, həm də ölümdən sonrakı axirət həyatlarında böyük peşmançılıq hissinə qapılacaqlar. Dünyada etdikləri nankorluğun cəzasını axirətdə cəhənnəm əzabı ilə cəzalandırılmaqla alacaqlar.
Peşman olmaq və cəhənnəm əzabına düçar olan insanlardan olmaq istəməyən hər insan, Allaha çox şükür etməlidir. Allah bizdən, əvvəlcə Özünə şükr etməyimizi və verdiyi bütün nemətlərə qarşılıq olaraq Ona dua etməyimizi istəyir. Deməli, öz-özünə yaranması qeyri-mümkün olan bu qədər gözəl və mükəmməl nemətləri ətrafınızda hər dəfə gördüyünüzdə, dərhal Allahı xatırlayıb, şükr etməyi unutmayın. Heç bir gözəlliyi görməyən, onun qiymətini bilməyən insanların vəziyyətinə düşməyin.
Allah Quranda şükür etməkdən başqa, bəzi ibadətlər də etməyimizi əmr etmişdir. Namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək, Allahın müəyyən vaxtlarda etməyimizi istədiyi ibadətlərdəndir.
Namaz insana, Allahın yaratdığı aciz varlıq olduğunu mütəmadi surətdə xatırlamasına kömək edən, Allahın müəyyən vaxtlarda edilməsini əmr etdiyi bir ibadətdir. Allah Quran ayələrində namazın murdar işlərdən, yəni Allahın razı olmayacağı pis davranışlardan təmizlədiyini söyləyir.
Oruc da Quranda bildirilən bir ibadətdir. Allah ramazan ayı müddətində gündüzləri heç bir şey yeməməyimizi və içməməyimizi əmr etmişdir. Allahın bu əmrini tətbiq edərək, Rəbbimizə itaət etmək üçün aclığa və susuzluğa səbir etmiş olarıq. Beləliklə nəfsimizi tərbiyə etmiş olarıq.
Zəkat vermək isə, insanın sahib olduğu malın bir hissəsini, ehtiyac içindəki insanlara verməsidir. Hər ibadət kimi bu ibadəti yerinə yetirmək də çox əhəmiyyətlidir, çünki xəsis olmamaq və fədakarlıq etmək, Allahın sevdiyi gözəl əxlaq xüsusiyyətlərindəndir. Həmçinin zəkat insanlar arasında yardımlaşmanı artırar və insanın ruhunu tərbiyə edər.