Hz. Musa Peyğəmbər

Hz. Musa da Quranın bir çox yerində yaşadığı hadisələrdən bəhs edilən bir peyğəmbərdir. Özünə müqəddəs kitablardan biri olan Tövrat göndərilmişdir. Lakin Tövrat, Musa peyğəmbərin ölümündən sonra insanlar tərəfindən dəyişdirildiyi üçün dövrümüzdə əsil halı yoxdur. Amma dəyişdirilmiş formasını yəhudilər hələ də müqəddəs kitab sayaraq oxuyurlar. Dövrümüzdəki yəhudilərin oxuyub inandıqları bu kitab, Musa peyğəmbərin gətirdiyi müqəddəs kitab olmadığı üçün onlar doğru inanca sahib deyildirlər.
Biz hz. Musanın həyatı və gözəl əxlaqı ilə əlaqədar bütün məlumatları Qurandan öyrənirik. Quranda bildirildiyinə görə, qədim Misir hökmdarları "firon" adlanırdı. Bunların bir çoxu Allaha inanmayan, özlərini müqəddəs insan hesab edən, çox təkəbbürlü insanlardı. Musa peyğəmbəri də Allah bu fironların ən zalımlarından birinin yanına göndərmişdi.
Bizə hz. Musanın həyatından xəbər verən ayələri oxuyarkən diqqət yetirməli olduğumuz əhəmiyyətli bir mövzu, taledir. Hz. Musanın Fironun sarayına göndərilməsi hadisəsi belə baş vermişdir:
Tam hz. Musanın doğulduğu əsnada, Firon zalım bir əmr vermiş və ölkəsindəki bütün oğlan uşaqlarının öldürülməsini istəmişdir. Hz. Musa da ölüm təhlükəsiylə üzləşmişdir. Ancaq Allah hz. Musanın anasına oğlunu suya buraxmasını söyləmiş və sonunda onu Fironun götürəcəyini və onun özünə geri qayıdıb peyğəmbər olacağını bildirmişdi. Anası hz. Musanı bir sandığın içinə yerləşdirərək suya buraxdı. Çayda sərbəst şəkildə hərəkət edən bu sandıq bir müddət sonra Fironun arvadı tərəfindən tapıldı və hz. Musa hələ körpə vaxtında böyüdülmək üçün saraya aparıldı. Beləliklə də, Firon, gələcəkdə özünə Allahı tanıdacaq, yanlış fikirlərinə qarşı çıxacaq insanı, bilmədən yanına almış və böyütmüşdür. Hər şeyi bilən Allah, Fironun hz. Musanı çayda tapıb, onu sarayında böyüdəcəyini də bilir.
Hz. Musa doğulanda onun bir sandıq içində suya buraxılacağı, Fironun onu tapacağı, axırda isə hz. Musanın bir peyğəmbər olacağı bəlli idi. Çünki Allah onun taleyini bu cür yazmışdı. Allah bunu hz. Musanın anasına bildirmişdir.
Burada hz. Musanın həyatının hər anının ən incə nöqtəsinə qədər Allah Qatında taledə müəyyənləşdirilmiş olduğu və eynilə müəyyənləşdirildiyi kimi gerçəkləşdiyinə diqqət yetirilməlidir.
Hz. Musa böyüdükdən sonra Misirdən ayrıldı, bir müddət başqa bir ölkədə yaşadı və sonra da Allah onu peyğəmbərlik vəzifəsini verdi. Eləcə də, Musa peyğəmbərə köməkçi olaraq qardaşı hz. Harunu göndərdi.
İkisi birlikdə bu zalım Fironun qarşısına çıxıb Allahı və Onun əmrlərini çatdırdılar. Musa peyğəmbərin gördüyü iş çox çətin idi. Çünki Allahı inkar edən çox zalım bir hökmdarın qarşısına çıxıb çəkinmədən onu, Allahı tanımağa və Ona ibadət etməyə çağırmışdı. Quranda hz. Musanın bu çağırışı belə bildirilir:

Onlardan (peyğəmbərlərdən) sonra Musanı ayələrimizlə (sözlərimiz-dəlillərimizlə) Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə buna (ayələrimizə) haqsızlıq etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu. 
Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən (yəni hər şeyi yaradıb nizama qoyan tərəfindən) göndərilmiş bir elçiyəm. 
Mənim məsuliyyətimdir ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını (Musanın öz qövmü) mənimlə göndər”. (Əraf surəsi, 103-105)

Firon isə özünü bəyənmiş və təkəbbürlü bir insan idi. Bütün gücün özündə olduğunu zənn edərək Allaha üsyan etmişdi. Halbuki Firona bu gücü, mal-dövləti və torpaqları verən də Allahdır. Amma Firon ağılsız olduğu üçün bu həqiqəti anlaya bilməmişdi.
Hz. Musaya qarşı çıxan və iman etməyən Firon, daha əvvəl də söylədiyimiz kimi, çox zalım bir insan idi. Musa peyğəmbərə inanan cəmiyyəti (İsrail oğullarını) əsir tutur, onları kölə olaraq işlədirdi. Sonunda Fironun hz. Musanı və bütün inananları yox etməyi düşündüyü aydın olduqda bu cəmiyyət hz. Musanın başçılığı altında Misirdən qaçdı. İsrail oğulları və hz. Musa, önlərinə çıxan dənizlə arxalarından gələn Fironun ordusu arasında qaldılar. Amma Musa peyğəmbər belə çıxılmaz kimi görünən bu vəziyyətdə belə qətiyyən ümidini və Allaha olan güvənini itirmədi. Allah bir möcüzə yaradaraq inanların keçməsi üçün dənizi iki yerə ayıraraq bir yol açdı. Bu, Allahın Musa peyğəmbərə verdiyi böyük möcüzələrindən biridir. İman edənlər keçdikdə dəniz əvvəlki halına qayıtdı, beləliklə də, onları təqib edən Firon və ordusu suda boğuldu.
Allah Quranda bu möcüzəvi hadisəni belə bildirir:

Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi. (Ənfal surəsi, 54)

Öləcəyini anladığı zaman Firon Allaha inandığını söyləyərək özünü qurtarmasını istəmişdir. Lakin son andakı bu peşmançılığı fayda verməmişdir. Çünki Allah etdiyimiz xətalardan, ancaq səmimi olaraq peşmançılıq hissi duyacağımız təqdirdə bizi bağışlayacağını bildirmişdir. Allah çox bağışlayandır. Amma insanın öləcəyini anladığı vaxtkı peşmançılıq hissi, səmimi və gec olmadan duyulan peşmançılıq hissi olmadığından fayda verməyə bilər. Fironun da başına bu gəlmişdir. Onda biz bunu unutmamalıyıq: Həyatımız boyu Allahın məmnun olacağı şəkildə yaşamalı və Fironun etdiyi xətanı etməməliyik. Çünki həyatımızı Qurana uyğun gözəl əxlaqla yaşamasaq, Quranda əmr edilənlərə əməl etməsək, ölüm anında peşman olmağımız fayda verməyə bilər.