Hz. İbrahim peyğəmbər

Bu fəsildə Quranda adı keçən bütün peyğəmbərlərdən bəhs etməyəcəyik. Lakin, Quranda bəzi xüsusiyyətləri xüsusi şəkildə vurğulanan peyğəmbərlərin həyatlarından nümunələr verəcəyik.
Hz. İbrahim də bu peyğəmbərlərdən biridir. O, hələ çox gənc yaşda olarkən və ətrafında özünə Allahın varlığından danışan heç kəs olmadığı halda, öz-özünə səmanı araşdıraraq bütün varlıqları Allahın yaratdığını görmüşdü. Bu mövzu Quranda belə bildirilir:

Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” dedi. 
Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!” dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” dedi. 
Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! 
Doğrudan da mən, hənif olaraq (Allahı tək yaradıcı qəbul edən) üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən (Allaha şərik qoşan) deyiləm”. (Ənam surəsi, 76-79)

Eləcə də, İbrahim peyğəmbər də yaşadığı cəmiyyəti Allahdan başqasına tapınmamaları üçün belə xəbərdar etmişdir:

Onlara İbrahimin əhvalatını da oxu.
Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” demişdi. 
Onlar dedilər: “Biz bütlərə (öz əlləriylə düzəltdikləri və dəyər verdikləri müxtəlif heykəllərə) ibadət edir və onlara tapınmaqda davam edirik”. 
O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? 
Yaxud sizə xeyir və ya zərər verirlərmi?” 
Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. 
O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü?
Həm siz, həm də ulu babalarınız. 
Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. 
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; 
O Rəbb ki, məni yedirdir və içirdir; 
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; 
O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; 
O Rəbb ki, (axirətdəki) haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. (Şuəra surəsi, 69-82)

Hz. İbrahim, o dövrdəki padşaha və xalqa, yuxarıdakı kimi; "Allaha iman edin" deyərək dini izah etdikdən sonra, ona düşmən olanlar onu öldürməyə cəhd etdilər. Böyük alovlu od yandırıb hz. İbrahimi içinə atdılar. Lakin Allah onu qorudu və onu odun içindən sapsağlam çıxartdı. Bu hadisə Quranda belə bildirilir:

Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!” demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır. (Ənkəbut surəsi, 24)

Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” dedik. (Ənbiya surəsi, 69)

Hər şeyi yaradan və nəzarət edən Allahdır. Od da Allahın əmri ilə İbrahim peyğəmbəri yandırmamışdı. Məhz bu, Allahın möcüzəsidir. Allahın gücünün hər şeyə çatdığını çox yaxşı göstərən nümunələrdən biridir. Çünki yer üzündəki hər şey Allahın izni ilə baş verər. O, istəmədiyi müddətcə insana heç nə zərər verə bilməz, heç kəs başqa bir insanı öldürə bilməz. Allah Quranda belə bildirir:

Hər bir kəs ancaq Allahın izni ilə ölər. Belə ki, bu vaxtı müəyyən edilmiş bir yazıdır (tale yazısı).... (Al-i İmran surəsi, 145)

Allahın İbrahim peyğəmbər üçün istədiyi ölümün vaxtı gəlmədiyi üçün, oda atılmasına baxmayaraq ölməmiş, Allah onu oradan xilas etmişdir.
Allah, Quranın digər bir ayəsində də İbrahim peyğəmbərin çox üstün əxlaqa sahib olduğunu belə bildirir:

Həqiqətən, İbrahim həlim, həssas və könüllü surətdə Ona üz tutan bir şəxs idi. (Hud surəsi, 75)

Allah yaxşı xasiyyətli və özünə çox bağlı olan insanları sevər. Bu ayədən də anladığımız kimi, alicənab olmaq, üsyankar ruhlu olmamaq, Allahın əmrlərinə tam təslimiyyətlə riayət etmək Allah qatında çox əhəmiyyətli xüsusiyyətlərdəndir.