Hz. Nuh peyğəmbər

Nuh Peyğəmbər də digər peyğəmbərlər kimi qövmünü, yəni yaşadığı cəmiyyəti doğru yola çağırmışdır. Allaha inanmalarını, hər şeyin Yaradıcısının Allah olduğunu, başqa şeylərə tapınmamalarını, əks halda Allahın onları cəzalandıracağını söyləmişdir. Bu hadisə Quranda belə bildirilir:

Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün ancaq açıq-aydın xəbərdar edib qorxudan bir elçiyəm. 
Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”. (Hud surəsi, 25-26)

Lakin özünə çox az insan inanmışdır. Bundan ötrü də, Allah Nuh peyğəmbərə böyük bir gəmi düzəltməsini əmr etmişdir. İnananların bu gəmi sayəsində xilas olacağını bildirmişdir.
Nuh peyğəmbərin, ətrafda dəniz olmadığı halda, gəmi düzəltməsi Allaha inanmayanları çox təəccübləndirmiş və buna görə də onunla lağ etmişdirlər. Halbuki inanmayanlar başlarına gələcəkləri bilmir, lakin Allah bilir. Gəmi hazır olduqdan sonra, günlərlə davam edən çox şiddətli yağışlar yağmağa başlamış, hər tərəfi sular bürümüş, qurular sanki dənizə çevrilməyə başlamışdır. O vaxt baş verən bu fəlakət indiki vaxtda elm adamları tərəfindən də təsdiqlənmişdir. Orta Şərq bölgəsində indi dağ olan bir çox ərazinin bir vaxtlar sularla örtülü olduğuna dair dəlillər tapılmışdır.
Televiziyada müxtəlif ölkələrdə yaşanan sel fəlakətlərini görmüsünüz. Belə fəlakətlərdə, insanlar damlara çıxıb kömək gəlməsini gözləyərlər, onlara ancaq motorlu qayıqlarla və ya vertolyotlarla kömək çatdıra bilərlər. O dövrdə isə hz. Nuhun gəmisindən başqa onları xilas edəcək heç nə olmamışdır. Məhz Nuh peyğəmbərin dövründə baş verən və “Nuh tufanı” adlandırılan bu hadisə, o dövrdəki peyğəmbərə inanmayan, inancsız insanları cəzalandırmaq üçün Allahın xüsusi olaraq verdiyi cəzadır. Allahı dinləməyən, Onun Nuh peyğəmbər vasitəsilə göndərdiyi xəbərdarlıqlara qulaq asmayan, özündən razı, pis xarakterli insanların heç biri bu gəmiyə minməmiş, özlərini Allahdan başqa şeylərin qoruyacağını güman etmişdirlər. Allaha deyil, başqa varlıqlara güvənmişdirlər.
Halbuki Allah istəməsə bizi heç nə qoruya bilməz. Bu həqiqəti bilməyən insanlar təpələrə, yüksək yerlərə çıxmalarına baxmayaraq, nəhəng dalğalar onlara da çatmış və beləliklə də, boğulmuşdurlar. Çox az sayda insan Allaha inanıb güvənmiş, Nuh peyğəmbərlə birlikdə gəmiyə minmiş və xilas olmuşdur. Özləri ilə birlikdə Allahın əmri ilə müxtəlif növ heyvanların erkək və dişisindən götürmüşdürlər. Quranda bu mövzu belə bildirilir:

Onlardan əvvəl Nuh qövmü də yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” dedilər və ona təzyiq göstərib mane oldular. 
O, Rəbbinə dua edib: “Həqiqətən mən məğlubiyyətə uğradım. Artıq sən (bu kafirlərdən) intiqam al!” dedi. 
Biz də göyün qapılarını leysan yağışı ilə açdıq. 
Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. 
İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi. 
Biz onu nəsillərə ayə olaraq saxladıq. Amma öyüd alıb düşünən varmı? 
Görəydin Mənim əzabım və qorxutmağım necə oldu! (Qamər surəsi, 9-16)

Bütün peyğəmbərlər göndərildikləri cəmiyyətlərə bənzəri şəkildə eyni məlumatları çatdırıblar və onları Allaha ibadət etməyə çağırıblar. Bu vəzifələrini yerinə yetirərkən də həmin insanlardan hər hansı qarşılıq istəməyiblər. Çünki Allahın sözlərini öz cəmiyyətlərinə çatdıran bu insanların heç bir mənfəətləri yoxdur. Yalnız Allah onlara bu vəzifəni verdiyi üçün və Allahı çox sevdikləri, Onun da özlərini sevməsini istədikləri və Ondan qorxub çəkindikləri üçün bunu yerinə yetirərlər və bu əsnada başlarına bir çox hadisə gələr; sıxıntıya, əziyyətə, böhtana məruz qalarlar. Hətta keçmişdə bəzi peyğəmbərlər inkarçılar tərəfindən öldürülmək istənilmiş, içlərindən öldürülənlər də olmuşdur. Ancaq peyğəmbərlər yalnız Allahdan qorxan insanlar olduqları üçün, qarşılaşdıqları heç bir çətinlik onları doğru yoldan döndərə bilməmişdi. Yaşadıqları çətinliklərin qarşılığını Allahın dünyada və ölümdən sonrakı axirət həyatında tam şəkildə verəcəyini heç vaxt unutmamışdıırlar.