Allah bütün insanları tale ilə yaratmışdır

Saytın əvvəlində sizə ilk insan olan hz. Adəmin yaradılışından danışmışıq. Allah digər insanları da hz. Adəmin nəslindən yaratmışdır. Onları dünyaya imtahan etmək üçün yerləşdirmiş və nələr etməli olduqlarını da elçiləri vasitəsilə onlara öyrətmişdir.
Hər insan dünyada yaşadığı hadisələrlə imtahan olunar. Yəni qarşılaşdığı hadisələr qarşısında necə reaksiya verəcəyi, necə sözlər söyləyəcəyi, çətinliklər qarşısında səbir edib, etməyəcəyi, bir sözlə, gözəl əxlaqlı olub olmayacağı ilə imtahan olunar. Bu imtahanın nəticəsi əsasında, ölümdən sonra axirətdə necə həyat yaşayacağı müəyyənləşdirilər.
Amma dünyadakı imtahanın çox əhəmiyyətli bir sirri var. Allah insan üçün böyük rahatlıq olaraq taleyi yaratmışdır. Tale, yəni bir insanın yaşayacağı bütün hadisələr, hələ o insan doğulmadan əvvəl Allah Qatında müəyyənləşdirilmişdir. Hər insan üçün ayrı bir tale yaradılmışdır.
Bunu daha yaxşı anlamağınız üçün taleyi hər hansı video kasetdəki bir filmə bənzədə bilərik. Video kasetdəki bir filmin əvvəli və sonu məlumdur, ancaq biz bunu seyr etdikdən sonra öyrənə bilərik. Məhz tale də belədir. Bir insanın doğulduğu andan etibarən edəcəyi hər şey, qarşılaşacağı hadisələr, harada oxuyacağı, nə zaman harada yaşayacağı və nə zaman öləcəyi taleyində müəyyənləşdirilmişdir. Allah bu insanın başına gələn bütün yaxşı və pis hadisələri bilir. Hər insan dünyada özü üçün müəyyənləşdirilmiş bu ssenari əsasında imtahan olunar. Yəni kənardan müdaxilə edilməsi qətiyyən mümkün olmayan bir ssenari daxilində bəzi hadisələr yaşayar və bunlara verdiyi reaksiyalara görə axirətdə müəyyən qarşılıq alar.
Tale insan üçün çox böyük asanlıq və Allahın lütfüdür. Buna görə də, bir insanın sonu əvvəlcədən məlum olan hadisələr üçün kədərlənməsi, yolunda getməyən bir şey olduqda sıxılması çox mənasızdır. Dünyadakı imtahana səbir edib, hər şeyin Allahdan gəldiyini bilənləri, Allah, ayələrində cənnətlə müjdələyir. Bu mövzuda peyğəmbərlər ən gözəl nümunədir. Allah insanları xəbərdar etmək üçün göndərdiyi elçilərini gözəl əxlaqlarından ötrü cənnətlə müjdələmişdir.