Kainatın yaradılışı

Kitabın əvvəlindən bəri canlıları Allahın yaratdığını qeyd etdik. İndi isə növbə, içində hər şeyin yerləşdiyi kainatı araşdırmağa gəlib çatdı. İçində sizin, dünyanın, Günəşin, Günəş sisteminin, planetlərin, ulduzların, qalaktikaların bir sözlə, hər şeyin yerləşdiyi kainatı da Allah yaratmışdır.
Ancaq canlıların yaradılması həqiqətinə qarşı çıxanlar olduğu kimi, kainatın yaradılması həqiqətinə də qarşı çıxanlar var. Bu insanlar yenə çox axmaq iddialar irəli sürürlər. Kainatın öz-özünə yarandığını, hətta əzəldən bəri var olduğunu söyləyərlər. Ancaq bu olduqca məntiqsiz iddialarının necə gerçəkləşdiyini izah edə bilməzlər. Belə insanların iddiaları buna bənzəyir: Bir gün bir dəniz səyahətinə çıxsanız və bir adaya çatsanız. Bu adada indiyə qədər görmədiyiniz gözəl binaların yerləşdiyi bir şəhər olduğunu görsəniz. Üstəlik, bu şəhərin hər yerinin parklarla, oyun meydançalarıyla, zooparklarla, bir-birindən böyük kinoteatrlarla, restoranlarla, hər yerə asanlıqla çata biləcəyiniz prospektlərlə, qatar yolları ilə dolu olduğunu görsəniz nə düşünərsiniz? Bu şəhəri ağıl sahibi insanlar inşa etmişdir elə deyilmi? Biri çıxıb sizə; "bu şəhəri heç kəs inşa etmədi, bu şəhər əzəldən bəri burada mövcud idi, biz də gəlib burada yaşamağa başladıq. Ehtiyacımız olan hər şey var və bunların hamısı öz-özünə meydana gəlmişdir" desə bunları söyləyən insan barədə nə düşünərsiniz?
Əlbəttə ki, bu insan ya ağlını itirmiş, ya da nə danışdığını bilmir deyərsiniz. Amma unutmayın, içində yaşadığımız kainat burada təsvir etdiyimiz şəhərlə müqayisə edilə bilməyəcək qədər böyükdür və olduqca möhtəşəm strukturlara (planetlər, günəşlər, ulduzlar, peyklər, quyruqlu ulduzlar və s.) malikdir. Bu təqdirdə, bu mükəmməl kainatın yaradılmadığını, əzəldən bəri mövcud olduğunu söyləyən insana bir cavab vermək lazımdır, elə deyilmi?
Aşağıdakı hissəni oxuduqdan sonra bu insana ən gözəl cavabı siz verəcəksiniz. İndi sizə bir qədər kainat barədə məlumatlar verək. Əsil cavabı isə, ən axırda verək.

- Hər şey böyük partlayış nəticəsində yaranmağa başlayır
İnsanlar, kifayət qədər göyü müşahidə etmə imkanları olmadığı vaxtlarda, kainat haqqında çox az və həqiqətdən kənar məlumatlara sahibdilər. Vaxt keçdikcə əllərindəki müşahidə vasitələri təkmilləşdi və kosmos barədə daha doğru məlumatlara sahib olmağa başladılar. Onlar XX əsrin ortalarında çox əhəmiyyətli bir şey kəşf etdilər: Kainatın da doğum tarixi var. Yəni kainat əzəldən bəri mövcud deyildi. Kainatdakı bütün maddələr, maddələrin meydana gətirdiyi ulduzlar, qalaktikalar, bir sözlə, hər şey müəyyən andan etibarən yaranmağa başlamışdı. Elm adamları, bu başlanğıc tarixinin dövrümüzdən təxminən 15 milyard il əvvələ gedib çıxdığını müəyyənləşdirdilər.
Kainatın doğum formasına bir ad qoydular və buna “böyük partlayış” dedilər. Çünki heç nəyin olmadığı 15 milyard il bundan əvvəl, hər şey tək bir nöqtənin partlaması nəticəsində yaranmışdı. Bir sözlə, əvvəllərdən bəri sonsuz olduğu güman edilən maddənin və kainatın da bir başlanğıcı vardı. Bəs bunu necə anladılar? Çox asan, çünki o partlayış nəticəsində ətrafa saçılan və bir-birlərindən uzaqlaşmağa başlayan maddələr indi də bir-birlərindən uzaqlaşmağa davam edirlər. Uşaqlar bir düşünün, kainat hələ də genişləməyə davam edir. Kainatı şişmiş bir şar kimi düşünün. Bu şarın üzərinə qələmlə iki nöqtə qoysaq, biz şarı şişirtdiyimizdə nə baş verər? Şara qoyduğumuz nöqtələr, şişib həcmi genişləndikcə bir-birindən uzaqlaşar. Məhz, kainatın həcmi də eynilə bu cür böyüyür və içindəki hər şeyin bir-birinə olan məsafəsi artır. Yəni, bütün ulduzlar, qalaktikalar, göy cisimləri arasındakı məsafə daim artır.
Kainatın genişlənməsi prosesini bir cizgi filmdə izlədiyinizi düşünün. Sizcə cizgi filmi ən başına qaytarsanız, kainatın görünüşü necə olar? Bir nöqtə kimi olar, elə deyilmi? Məhz elm adamları da eynilə bu cür etdilər: Başa qayıtdılar və getdikcə genişlənən kainatın başlanğıcda tək bir nöqtə olduğunu anladılar.
Elm adamlarının “böyük partlayış” adlandırdığı bu partlayış, Allahın "kainat" üçün müəyyənləşdirdiyi ömür müddətinin başlanğıcı oldu. Allah bu partlayışla birlikdə kainatı meydana gətirən atomları yaratdı. Maddə əmələ gəldi. Çox böyük sürətlə ətrafa saçıldılar. Partlayışın ilk anlarındakı bu mühit sanki atomlardan ibarət bir maddə şorbası idi. Lakin bu çox böyük qarışıqlıq getdikcə ortadan qalxdı və nizam yarandı. Allah, atomları birləşdirərək ulduzları meydana gətirdi. Beləliklə də, kainatda hazırda müşahidə etdiyimiz hər şey yaradıldı.
İstəyirsinizsə bütün bunları daha yaxşı başa düşməyimizi təmin edəcək bir nümunə verək:
Zehninizdə çox böyük bir boşluq canlandırın. Ucsuz-bucaqsız bir boşluq. Orada yalnız bir boya bankası olsun. Başqa heç nə olmasın. Bankanın içində də hər rəngdən olan boyalar bir-birinə qarışmış, qəribə bir rəng meydana gətirmiş olsun. Bu bankanın içində bir bomba partlayır. Partlayışın təsiri nəticəsində boya çox kiçik damlalar halında ətrafa saçılır. Milyonlarla boya damlasının boşluq içində bütün istiqamətlərə hərəkət etdiyini gözünüzdə canlandırın. Amma bu damlaların səfəri əsnasında qəribə şeylər olmağa başlayır. Boya damlaları, dağınıq halda hərəkət etmək əvəzinə, sanki çox ağıllılarmış kimi nizamlı işlər görməyə başlayırlar. Əvvəlcə bankada olarkən qarışıq rəng meydana gətirən müxtəlif rəngli damlalar, artıq bir-birlərindən ayrılmağa başlayırlar. Mavi, sarı, qırmızı və digər rənglər halında qruplaşır və ətrafa yayılıb bir-birindən uzaqlaşmağa davam edirlər. Amma qəribəliklər davam edir. Bu dəfə də mavi rəngli damlalardan 500-i birləşərək daha böyük damla yaradır və səfərlərinə davam edilər. Məsələn, başqa bir yerdə, 300 qırmızı damla, digər bir yerdə isə 200 sarı damla eynilə bu cür birləşərək, böyük damlalar halında ətrafa yayılmağa davam edirlər. Həm bir-birlərindən uzaqlaşırlar, həm də bu əsnada sanki biri onlara əmr etmiş kimi, gözəl görünüşlər meydana gətirəcək işlər görürlər.
Bəzi damlalar birləşərək ulduzları meydana gətirir, bəziləri Günəşi çəkir, bəzi damlalar isə sonradan bu Günəşin ətrafında hərəkət edən planetləri meydana gətirir. Bir hissəsi birləşib yer kürəsini çəkirlər və bir hissəsi də yerin ətrafında fırlanan Ayı meydana gətirirlər. Belə bir mənzərə görsəniz, bunu, partlayan bir boya bankasının təsadüfən meydana gətirdiyini düşünərsiniz mi? Əlbəttə ki, belə bir şeyi əsla ehtimal etməzsiniz.
Məhz gecə başımızı qaldırıb göyə baxanda gördüyümüz o gözəl mənzərəni, ulduzları, Günəşi, planetləri meydana gətirən maddələr də, eynilə bu boya bankası hekayəsində olduğu kimi, birləşərək bu mükəmməl mənzərəni meydana gətirdilər. Bəs bütün bunlar öz-özünə yaranmış ola bilərmi? Səmadakı ulduzlar, planetlər, Günəş, Ay və yer kürəsi, bəzi şüursuz maddələrin öz-özünə təsadüfən birləşməsiylə yaranmış ola bilərmi? Bəs dünya üzərində həyatını davam etdirən ananız, atanız, dostlarınız və ya quşlar, pişiklər, çiyələklər, bananlar necə?
Əlbəttə ki, belə bir şey ola bilməz. Belə bir şey ola biləcəyini düşünmək, içində bomba partlayan hər hansı tikilidəki kərpiclərin və kirəmitlərin öz-özlərinə təsadüfən bir yerə toplanaraq yeni evlər inşa etdiklərini iddia etməkdən daha axmaq bir düşüncə olar. Hamımız, bir tikilidə bomba partlayacağı vaxt, ətrafa dağılan kərpiclər, kirəmitlər və taxtaların kənarda kiçik alaçıqlar meydana gətirməyəcəyini bilirik. Daş-torpaq halında dağılıb gedər, heç nəyə yaramazlar.
Ancaq burada çox mühüm olan incə bir məqam var. Diqqət yetirmisinizsə bir qədər əvvəl nümunə verdiyimiz boya damlaları şüursuz və cansız maddələrdir. Boyaların öz-özlərinə birləşmələri və bir portret meydana gətirmələri qeyri-mümkündür. Biz isə burada şüurlu və canlı strukturların meydana gəlməsindən bəhs edirik. İnsan, bitki və heyvan kimi canlı varlıqların cansız və nəzarətsiz maddələrdən yaranması da qətiyyən mümkün deyil.
Öz bədənimizdən nümunələr verərək bunu düşünək. Bədənimiz zülal, yağ, su kimi gözlə görülməyəcək qədər kiçik molekulların birləşməsi nəticəsində yaranar. Bunlar birləşərək hüceyrələrimizi, hüceyrələrimiz də birləşərək bədənimizi meydana gətirər. Bədənimizdəki mükəmməl nizam xüsusi bir dizaynın nəticəsidir. Hər şeyi görməyimizi təmin edən gözlərimizi, yemək yeməyimiz və bu kitabı tuta bilməyimiz üçün əllərimizi, yerimək üçün idə ayaqlarımızı yaradan Allahdır. Hələ anamızın bətnində olarkən, necə böyüyəcəyimizi, boyumuzun nə qədər olacağını, gözlərimizin hansı rəngdə olacağını, bir sözlə, hamısını Allah müəyyənləşdirmişdir.

Hər şeyi Yaradan Allahdır
Əgər xatırlayırsınızsa mövzumuzun əvvəlində Allaha iman etməyən bir insana cavab verəcəkdik. Məhz artıq cavabı bilirsiniz. Partlayışlar nizam meydana gətirə bilməz, ancaq mövcud nizamı korlayarlar. Kainatda isə, möhtəşəm tarazlıq və nizam var. Kainatın meydana gətirən partlayışdan sonra ortaya çıxan nizam, buraya qədər izah etdiyimiz nümunələrdən (böyük şəhər və boya qutusu nümunələri) daha çox mükəmməldir. Bunların təsadüfən yarana bilməsi qətiyyən mümkün deyil.
Bu mükəmməl sistem ancaq sonsuz qüdrət sahibi olan Allahın diləməsiylə yaranmışdır. Allah hər şeyə gücü çatır. Bir şeyi yaratmaq üçün Rəbbimizin sadəcə “ol” əmrini verməsi kifayətdir.
Allah bizim üçün mükəmməl bir kainat içində çox gözəl bir dünya yaratmışdır. Üzərində növbənöv heyvanlar, bitkilərlə birlikdə... Bizi isitməsi, enerji verməsi üçün Günəşi də yaratmışdır. Eləcə də Günəş, dünyaya elə yaxşı nizamlanmış məsafədə yerləşir ki, bir qədər yaxın olsa istidən, bir qədər uzaq olsa isə, soyuqdan ölərik.
Məhz elm adamları bizə bu həqiqətləri danışdıqca, biz də Allahın gücünü daha yaxşı anlayırıq. Çünki qətiyyən ağlı və zəkası olmayan boya damlası nümunəsindəki kimi, maddələr özləri qərar verib belə bir şeyi edə bilməzlər. Deməli, bu kainatı da yaradan və qaydaya salan var. Ulduzları, insanları, heyvanları, bitkiləri, canlı-cansız hər şeyi meydana gətirən maddələr də Allahın əmri ilə hərəkət edirlər. Bunun üçün kainatdakı hər şey nizamlıdır, qarışmaz, uyğundur. Çünki bütün bunları, hər şeyi mükəmməl şəkildə yaradan Allah yaratmışdır.